Bütün dövrlərdə, hətta dünyanın kiçildiyi, kommunikasiya vasitələrinin yüksək inkişaf etdiyi, daha öncəki yüzilliklərdə ilahi möcüzə kimi görünən əsrarəngiz memarlıq abidələri və tikililərin tədqiq edilərək “sirlərinin çözüldüyü” XXI əsrdə də Şərqə, onun düşüncə və fikir insanlarına, sehrli, əfsanəvi dünyasına nə qədər böyük marağın olduğunu görürük. Şərq mədəniyyəti və düşüncə sistemində diqqəti cəlb edən məsələlərdən biri də burada divanə və məczublara olan sayğı, onların sözlərinə önəm verilməsi və fikirlərinin diqqətə alınmasıdır. Şərqin bir çox görkəmli şəxsiyyətlərinin, hökmdar, dövlət adamları və düşüncə insanlarının həyatından bəhs edən orta əsr salnamə və təzkirələrində bunu təsdiqləyəcək çoxlu sayda maraqlı əhvalatlar yer almışdır. Bu münasibət zaman-zaman təsəvvüfün də yayılması və inkişafı ilə əlaqədar fərqli məna çalarları kəsb etmiş, bəzən hətta dəlilik ilahi eşqdə aşiqin büründüyü bir örtü, ariflik mərtəbəsinə gedən yolda bir pillə, doğrunu söyləmək üçün zahiri “qiyafət” və s. kimi də qəbul edilmişdir. Bütün bunlar isə, təbii olaraq, Şərqdə yaranmış bədii söz örnəklərinə də sirayət etmiş, şairlərin əsərlərində özünün rəngarəng poetik ifadəsini və yozumunu tapmışdır.
Məqalədə Şərq kültürü və bədii düşüncəsində əql və eşq, aqil və divanə məfhumları, onların ədəbi əsərlərdə ifadə tərzi və üslulları təhlil edilmişdir. XII əsr Azərbaycan şairi Nizami Gəncəvidən başlayaraq XX əsrin qəzəl ustadı Əliağa Vahidə qədər bir çox söz sənətkarlarının yaradıcılığında mövzu ilə bağlı əsas məqamlara toxunulmuş, mövzunun açıqlanmasına xidmət edən illüstrativ materiallarda zahiri qəlib altında gizlənmiş dərin mənalar və s. incələnmişdir.
Araşdırma zamanı mətnlər üzərində iş aparılmış, hermenevtik və linqvopoetik tədqiqat üsullarından istifadə edilmiş, sistemli və müqayisəli-tarixi, tarixi-tipoloji və müqayisəli-analitik, analiz-sintez, induktiv və deduktiv metodların prinsipləri əsas götürülmüşdür.
Birincil Dil | Türkçe |
---|---|
Konular | Klasik Türk Edebiyatı |
Bölüm | Edebiyat |
Yazarlar | |
Erken Görünüm Tarihi | 30 Nisan 2025 |
Yayımlanma Tarihi | 30 Nisan 2025 |
Gönderilme Tarihi | 20 Aralık 2024 |
Kabul Tarihi | 5 Nisan 2025 |
Yayımlandığı Sayı | Yıl 2025 Sayı: 26 (Nisan 2025) |